ELM VƏ TƏHSİL
BSU-da Xocalıya həsr edilmiş tamaşanın təqdimatı olacaq
Bakı, 21 fevral, AZƏRTAC
Təhsil müəssisələrində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planı çərçivəsində Bakı Slavyan Universitetində (BSU) silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur.
Universitetdən AZƏRTAC-a bildirilib ki, fevralın 25-də BSU-da Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriləcək. Tədbir çərçivəsində BSU-nun xoreoqrafı Əli Natiqoğlunun hazıladığı “Ana harayı” tamaşasının təqdimatı olacaq.
Tamaşa barədə məlumat verən Ə.Natiqoğlunun sözlərinə görə, əsərin ideyası öldürülmüş körpəsinin cəsədini qolları arasına alan ananın fəryadını dünyaya yaymaqdır. “Ana harayı” abidəsini əks etdirən gənc ana obrazı tamaşada Xocalı soyqırımı gecəsində baş vermiş bütün faciə və dəhşətləri əks etdirir. Xocalı qadınlarının timsalı olan gənc qadın erməni cəlladlarından körpəsini qorumaq üçün onu bərk-bərk bağrına basır və boğub öldürdüyünü zənn edir. Səhnənin sonunda qətlə yetirildiyi zənn olunan günahsız körpənin səsinə bütün cəsədlər “Bayatı-Şiraz” sədası ilə cavab verir və “Ana harayı” abidəsinin ətrafında birləşir. Bu görkəmdə həm imdad, fəryad var, həm də ittiham əks olunub. Sanki eyni taleyi yaşamış Xocalı qadınlarının təmsilçisi olan bu ana bütün dünyanı ittiham edir, onlardan cavab tələb edir. Səhnədə, həmçinin Xocalı faciəsində əsir düşmüş gənc qızın acı taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumu da canlandırılır. Tamaşada canlandırılan obrazların paltarları Xocalı qurbanlarının min bir əzab-əziyyətlə qarlı-şaxtalı gecədə, meşələrdən, çaylardan keçib gəldiyini əks etdirir.
Səhnə əsərində bütün obrazları BSU tələbələri canlandıracaq.
Tamaşanın sonunda Azərbaycan və Türkiyə qardaşlığının erməni qəsbkarlarına qarşı birgə mübarizəsi nəticəsində əldə olunan qələbə səhnəsi nümayiş olunur, erməni lobbisi məhv edilir.