Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatı keçirilib












Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Dünya Dağ Yəhudiləri Konqresi (DDYK) Bakı Kitab Mərkəzində “Dağ yəhudilərinin tarixi və mədəniyyəti” kitabının təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, təqdimatın açılışında çıxış edən Konqresin rəhbəri Akif Gilalov kitabın dünyanın müxtəlif ölkələrindən olan tanınmış alimlər qrupunun ərsəyə gətirdiyi fundamental əsər olduğunu bildirib.
Akif Gilalov qeyd edib ki, Vatikanda keçirilən görüşdə Roma Papasının Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoq haqqında söylədiyi müsbət fikirləri eşitmək çox xoş olub. DDYK prezidenti vurğulayıb ki, dağ yəhudilərinin Azərbaycanda tolerantlıq və multikulturalizm şəraitində yaşaması ilə yaxından tanışdır və bununla fəxr edir.
Tədbirdə Azərbaycanın və Qafqazın dağ yəhudilərinin tarixindən bəhs edən “Azərbaycanın dağ yəhudiləri: Qafqaz Qüdsü və ya kiçik xalqın böyük taleyi” adlı film nümayiş etdirilib.
Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Məhsəti Əliyeva qeyd edib ki, Azərbaycan yəhudiləri ölkəmizdə demək olar ki, heç bir vaxt hər hansı antisemitim təzahürləri ilə qarşılaşmayıblar. Azərbaycanda yəhudi icmasının bir çox nümayəndələri respublikanın siyasi, elmi, mədəni, sosial və iqtisadi həyatında fəal iştirak ediblər və bu gün də etməkdədirlər.
2007-ci il mayın 31-də Heydər Əliyev Fondunun “Azərbaycan - tolerantlıq ünvanı” layihəsi çərçivəsində Fondun prezidenti, hazırda Azərbaycanın Birinci vitse-prezidenti olan Mehriban xanım Əliyevanın iştirakı ilə Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” təhsil mərkəzinin təməlqoyma mərasimi keçirilib. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva təhsil mərkəzinin açılışında iştirak ediblər. 450 şagird yerlik mərkəzdə yəhudi mədəniyyətinin əsasları tədris olunur.
Azərbaycandakı Avropa yəhudilərinin ravvini Şneyor Seqal qeyd edib ki, Azərbaycanda dağ yəhudilərinin taleyində bir çox məsələləri, hər şeydən əvvəl Azərbaycan xalqının tolerantlığını əks etdirən çoxlu məqamlar var.
Ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyası yanında İtaliya nümayəndə heyətinin sədri, İtaliya Deputatlar Palatasında Xarici əlaqələr komissiyasının sədr müavini Paolo Qrimoldi bildirib ki, tolerantlığın və dini dözümlülüyün təcəssümü olan Azərbaycan dostluq və tərəqqi nümunəsidir. Burada müxtəlif xalqların, dini konfessiyaların nümayəndələri sülh və həmrəylik şəraitində yaşayırlar.
Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova kitabın əhəmiyyəti və məziyyətlərindən bəhs edib, sözügedən layihənin həyata keçirilməsinə görə Dünya Dağ Yəhudiləri Konqresinə təşəkkürünü bildirib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut Dünya Dağ Yəhudiləri Konqresinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirərək qeyd edib ki, dağ yəhudiləri multikultural və tolerant cəmiyyətin inteqral üzvləridir.
Tədqiqatçı tarixçi Fuad Axundov dövlətimizin daim bərabərhüquqlu vətəndaşları olan, ölkəmizdə quruculuq işlərində fəal iştirak edən, azərbaycanlılarla bərabər ölkəni müdafiə edən dağ yəhudilərinin Azərbaycanda yaşaması tarixi haqqında sənədlərin təqdimatını edib.
Tədbirdə nadir fotoşəkillərdən və arxiv sənədlərindən, dağ yəhudilərinin ənənəvi sənətkarlıq nümunələrindən ibarət sərgi təşkil edilib, həmçinin musiqi kollektivinin çıxışı olub.