DÜNYA
İranda təbii fəlakət zamanı həlak olanların sayı artıb VİDEO

Tehran, 5 aprel AZƏRTAC
İranda baş verən təbii fəlakət zamanı ölən və yaralananların sayı artıb.
AZƏRTAC İranın Təcili Yardım Təşkilatının yaydığı məlumata istinadla xəbər verir ki, sel və daşqınlar nəticəsində ölənlərin sayı 70, yaralananların sayı isə 768 nəfərə çatıb.
Xatırladaq ki, martın 17-dən başlayaraq İranın Lorestan, Fars, Gülüstan, İsfahan, Şiraz, Kürdüstan və başqa vilayətlərində yağan aramsız yağışlar böyük fəsadlar törədib. Adı çəkilən vilayətlərdə infrastruktur dağılıb, 45 mindən çox ev uçub. Sel suları ölkəyə 719 milyon dollar həcmində ziyan vurub.
Hazırda təbii fəlakət bölgələrində yollar və körpülərin bərpası işləri aparılır.
Bu arada İran Prezidenti Həsən Ruhani sanksiyalara görə beynəlxalq təşkilatların fəlakət bölgəsinə humanitar yardım çatdıra bilməməsinə görə ABŞ-ı kəskin tənqid edib. H.Ruhani rəsmi Vaşinqtonun İrana humanitar yardım çatdırılmasına imkan verməməsini cinayət adlandırıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran