CƏMİYYƏT
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
Aprelin 19-da Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən təşkil edilib.
UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Min Yuan bildirib ki, Davamlı İnkişaf Məqsədlərindən 35-i bilavasitə uşaqların inkişafı ilə bağlıdır. Ölkənin inkişafı ilə uşaqların inkişafı arasında sıx əlaqə mövcuddur. UNICEF bu gün Azərbaycan hökuməti tərəfindən həyata keçirilən uşaqlar üçün milli fəaliyyət planını dəstəkləyir. M.Yuan, həmçinin vurğulayıb ki, Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə başlanmasından dörd il ötüb və bu gün uşaqlarla bağlı bəzi maddələrin yenidən nəzərdən keçirilməsinə ehtiyac var. UNICEF 2021-ci ildə Azərbaycanda uşaqların inkişafı və sağlamlığı ilə bağlı göstəriciləri müəyyənləşdirmək üçün genişmiqyaslı demoqrafik araşdırma aparacaq.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibliyinin rəhbəri Hüseyn Hüseynov Azərbaycanda yoxsulluğun azaldılması və digər problemlər istiqamətində Milli Fəaliyyət Planının hazırlandığını deyib. Qeyd edib ki, UNICEF-in dəstəyi ilə 2035-ci ilə qədər uşaqlar üçün yeni konsepsiya hazırlanacaq. Azərbaycanda dövlət qurumlarının dayanıqlı inkişaf məqsədləri 68 faiz təşkil edib. Azərbaycan hökuməti 2019-cu ildə növbəti Könüllü Milli İcmalı təqdim etməyə hazırlaşır və eyni zamanda, prioritetlərin müəyyənləşdirilməsi üzərində çalışır. Milli Uşaq Strategiyası uşaqlarla əlaqəli 35 dayanıqlı inkişaf məqsədinin hədəflərinin yalnız yarısını əks etdirir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov bildirib ki, müasir dövrdə dövlət sığınacaqlarının yaradılmasına ehtiyac var. Dövlət sığınacaqlarının yaradılmasının əsas məqsədi zorakılığa məruz qalan, eləcə də müxtəlif səbəblərdən oraya yerləşdirilən vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsidir. Bu, Azərbaycanda aktual problemlərdən biridir. İstər evdə, istər məktəbdə, istərsə də kənar yerlərdə məişət zorakılığına məruz qalan uşaqlar tam təhlükəsiz və keyfiyyətli xidməti göstəricilərə malik olan sığınacaqlara yerləşdirilməlidir. Bunun üçün də dövlət büdcəsindən maliyyələşən sığınacaqlara ehtiyac var. Bu sığınacaq cinsindən, yaşından asılı olmayaraq zorakılığa məruz qalan bütün şəxslərin təhlükəsiz evinə çevrilməlidir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli çıxış edərək deyib ki, Azərbaycanda sosial siyasətə ayrılan diqqət artırılıb. Bu istiqamətdə Azərbaycanda aprelin 1-dən bəzi təqaüdlərin məbləği ikiqat artırılıb. Son 1 ildə 45 minə yaxın əhaliyə ünvanlı sosial yardım verilib. Həmin ailələrin 95 faizinin övladları 18 yaşına qədər olanlardır. O qeyd edib ki, uşaqlarla bağlı siyasətin əsasını keyfiyyətli nəslin yetişdirilməsi təşkil etməlidir.