CƏMİYYƏT
Dövlət Komitəsi uşaqların internet təhlükəsizliyi istiqamətində maarifləndirici təlimlərə başlayıb
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Nərimanov rayonundakı 57 nömrəli tam orta məktəbdə 8-11-ci sinif şagirdlərinin iştirakı ilə “Uşaqların zərərli informasiyalardan qorunması” mövzusunda təlim keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, təlimdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının xeyri və zərərləri, bu istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barədə məlumat verilib. Təlim komitənin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov, komitənin əməkdaşları Sevil Rəsulzadə və Elçin Allahverdiyev tərəfindən aparılıb.
Təlimçilər qeyd ediblər ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması çox önəmli məsələdir. Bu mövzuda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Məlumdur ki, uşaqlar evdə, məktəblərdə, internet klublarda da internetə qoşulur və informasiya əldə edirlər. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətləri bilavasitə təsir göstərir. İnternetin istifadəçiləri olan uşaq və yeniyetmələr bu təsirə daha çox məruz qalırlar.
Diqqətə çatdırılıb ki, “Uşaq hüquqları haqqında” Qanunun 15-ci maddəsinə əsasən uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir. Dövlət Komitəsi tərəfindən hazırlanan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun Prezident tərəfindən imzalanıb və 2020-ci ildə qüvvəyə minəcək. Qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib.
Təlim zamanı qeyd edilib ki, uşaqların yaşlarına uyğun məlumatları əldə edə bilməsi, lakin zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan “informasiyanın filtrlənməsi” xidmətindən istifadə edilməlidir. Bu sahədə bir çox layihələr həyata keçirilir. Bunlardan biri də BMT-nin Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, komitənin təşəbbüsü ilə “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində hazırlanan “Kidsafe” proqramıdır. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, valideynlərin uşaqların daxil olduğu elektron səhifələri və sorğuları haqqında məlumatlandırılmasına xidmət edir.
Təlimlər may ayı ərzində Bakı şəhəri üzrə digər məktəblərdə də davam edəcək.