ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşları Türkiyədə beynəlxalq simpoziumda iştirak ediblər
Bakı, 20 may, AZƏRTAC
Ankarada Hacettepe Universitetinin və Anıtqəbir Dərnəyinin təşkilatçılığı ilə Mustafa Kamal Atatürk tərəfindən türk istiqlal mübarizəsinin başlanmasının 100 illiyinə həsr olunan beynəlxalq simpozium keçirilib. Simpoziumda Azərbaycandan AMEA Rəyasət Heyəti aparatının elmi tədqiqatların koordinasiyası şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları filologiya elmləri doktoru Salidə Şərifova və filologiya üzrə fəlsəfə doktoru Könül Hacıyeva, Folklor İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktorları Tahir Orucov və Nailə Əsgər iştirak ediblər.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, simpoziumda akademiyanın əməkdaşları müxtəlif seksiyalarda məruzələrlə çıxış ediblər.
Vüsal Zülfüqarovun “XX əsrin əvvəllərində Türkiyə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət əlaqələri haqqında”, Salidə Şərifovanın “Azərbaycan ədəbiyyatında türk əsgəri obrazına baxış”, Tahir Orucovun “İki böyük türk lideri, dövlət adamı, xalq öndəri: Mustafa Kamal Atatürk və Məmməd Əmin Rəsulzadə”, Könül Hacıyevanın “Əli Səbrinin Trabzon məktublarında Birinci Dünya müharibəsindən sonra Anadoluda ictimai vəziyyətlə bağlı dəyərləndirmələr”, Nailə Əsgərin “93 müharibəsindən sonra ruslara buraxılmış torpaqlarda dövlət siyasəti və xalq aşıqları” mövzularda məruzələri maraqla qarşılanıb.
Səfər çərçivəsində simpozium iştirakçılarının Anıtqəbir, Türkiyə Böyük Millət Məclisinin tarixi binalarına və Anadolu mədəniyyət muzeylərinə ziyarətləri təşkil olunub.
Simpoziumda Almaniya, Macarıstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkiyənin nüfuzlu universitetlərindən, elmi tədqiqat mərkəzlərindən alim və mütəxəssislər iştirak ediblər.