CƏMİYYƏT
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunub
Bakı, 4 iyun, AZƏRTAC
İyunun 4-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə gündəlikdəki üç məsələ barədə məlumat verib. Bildirib ki, qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda təqdim olunub. Bildirilib ki, təklif edilən dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun və “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 2018-ci il 27 noyabr tarixli 1336-VQD nömrəli Qanununun icrası ilə əlaqədardır.
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Banklar haqqında”, “Mühasibat uçotu haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub. Təklif olunan dəyişikliklər “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun icrası ilə əlaqədardır.
“Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişikliklərə əsasən sənədin 10.1-ci maddəsinə “Müvafiq icra hakimiyyəti orqanı bələdiyyə üzvləri və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması məqsədilə xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə təcrübə mübadiləsini təşkil edir.” məzmunlu ikinci cümlə əlavə olunur. Bundan başqa, sənədə “Bələdiyyə fəaliyyətinin təşkilinə köməklik göstərilməsi” adlı 49-1-ci maddə əlavə olunur. Yeni maddədə deyilir ki, müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkil edilməsinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür.”.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.