CƏMİYYƏT
“Vətənə oğul olanlar” bədii-sənədli filmi nümayiş olunub
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Respublika Veteranlar Təşkilatında Aprel şəhidi əsgər Əlizaman İslamova həsr olunmuş “Vətənə oğul olanlar” bədii-sənədli filminin nümayişi keçirilib. Filmin ssenari müəllifi Mehriban Sadıqova, quruluşçu rejissoru isə Elman Ağamalıyevdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin 2 saylı bağçasının və Sumqayıt şəhərinin 35 nömrəli tam orta məktəbin şagirdləri Aprel şəhidlərinə həsr olunmuş şeirlər səsləndirilib və tamaşalar göstəriblər. Tamaşalardan sonra film nümayiş etdirilib.
Filmin nümayişindən sonra çıxış edən Milli Məclisin deputatı Adil Əliyev diqqətə çatdırıb ki, Əlizaman İslamov öz qəhrəmanlığı ilə şəhidlik zirvəsinə ucalıb. Bu gün bizlər şəhidlərimizi yad etməklə, onların döyüş yolunu gələcək nəsillərə çatdırmaqla xalqımızın igidliyini təbliğ edə, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu artıra, işğal altındakı torpaqlarımızı qaytarmaq üçün qələbə əzmini gücləndirə bilərik.
Şəhidlərimizin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun cəbhədəki uğurlarından söz açan A.Əliyev bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün Vətən övladları heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Deputat Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə yüksək diqqət və qayğısı göstərdiyini xüsusi vurğulayıb.
Şəhid Əlizaman İslamovun anası Hürnisə İslamova və digər şəhid anaları övladlarının Azərbaycan dövlətinin öz qəhrəmanlarına və şəhidlərinin xatirəsinə böyük hörmətlə yanaşdığını vurğulayıblar.