MƏDƏNİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsi ölkəmizə həsr olunub
Paris, 22 iyun, AZƏRTAC
UNESCO-nun “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı 92 nömrəli xüsusi buraxılışı işıq üzü görüb. Jurnalın bu nömrəsi Bakıda təşkil ediləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində ölkəmizin qurumun irsi siyahısına daxil edilmiş 13 nominasiyadan, eləcə də ölkəmizin görməli yerlərindən bəhs olunur.
AZƏRTAC xəbər verir ki, ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin, eləcə də Ümumdünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin müraciətləri yer alıb. Onlar Azərbaycanın coğrafiyasından, multikultural ölkə olmasından, UNESCO ilə sıx əlaqələrindən bəhs ediblər. Ölkəmizin Dünya İrs Komitəsinə üzvlüyü dövründə sıx əməkdaşlığı, zəngin fəaliyyəti haqqında məlumat veriblər. Jurnalın oxucuları ölkəmizin qurumun irs siyahısına daxil olan nominasiyalarına dair ətraflı məlumatlandırılıblar. Azərbaycanın mədəni müxtəliflik sahəsinə verdiyi töhfələrdən danışılıb. Müraciətin sonunda jurnalın bu nüsxəsinin insanları ölkəmizin tarixi və mədəni zənginliyi ilə tanış olmaq üçün ilhamlandıracağı qeyd olunub.
“Dünya irsi Azərbaycanda” jurnalında Mədəniyyət naziri Əbülfəs Qarayev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun da oxuculara xüsusi müraciətləri dərc olunub. Müraciətlərdə ölkəmizin coğrafiyası, tarixi, mədəniyyət zənginliyindən söz açılıb.
Jurnalda ölkəmizin UNESCO irs siyahısına daxil edilmiş tarixi və mədəniyyət nominasiyaları haqqında ətraflı məqalələr dərc olunub. İrsin qorunub saxlanması istiqamətində görülmüş tədbirlərdən və bu sahədə ölkəmizin uğurlarından yazılıb.
Qeyd edək ki, jurnal Bakıda təşkil ediləcək UNESCO Dünya İrs Komitəsinin 43-cü sessiyasına müxtəlif ölkələrdən gəlmiş 3 min iştirakçıya paylanacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris