CƏMİYYƏT
12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə ixtisaslaşdırılmış kurslar başlayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi dairə seçki komissiyasında seçki hüquqlarına dair ixtisaslaşdırılmış kurslar başlayıb. Kurslar Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə keçirilir.
AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə kurslarda seçici siyahıları ilə işin aparılması, seçkiqabağı təşviqata şəraitin yaradılması, bildirişlərin seçicilərə çatdırılması sahəsində yerli icra qurumlarının rolu, onların komissiyalarla səmərəli əlaqələrinin qurulması mövzularına xüsusi yer ayrıldığını bildirib. O, dairə seçki komissiyalarının üzvləri, məntəqə seçki komissiyalarının sədrləri və katibləri üçün təşkil edilən kursların səmərəli olacağını söyləyib. Qəşəm Əhmədzadə deyib ki, 42 min 329 seçicisi olan dairənin ərazisində 32 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Məntəqələrin 12-də veb-kameralar quraşdırılıb.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvü Validə Kazımova seçki prosesində kütləvi informasiya vasitələrin rolundan, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrindən danışıb.
Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov isə seçki hüququ və onun təminatının qanunvericilik əsaslarından, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizmlərindən bəhs edib.
Sonda çıxışlar ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.