DÜNYA
Angela Merkel Finlandiyanın Baş Naziri ilə görüş zamanı özünü pis hiss edib VİDEO
Bakı, 10 iyul, AZƏRTAC
Almaniya kansleri Angela Merkel Berlində Finlandiyanın Baş Naziri Antti Rinne ilə görüş zamanı özünü pis hiss edib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Merkel və Rinne himnə qulaq asan zaman kansleri yenidən titrəmə tutub, lakin o, yerindən tərpənməyib.
Sonradan Almaniya Nazirlər Kabinetinin nümayəndəsi kanslerin özünü yaxşı hiss etdiyini və Rinne ilə danışıqların plan rejimində davam etdiyini bildirib.
Bu, son bir ay ərzində artıq üçüncü oxşar hadisədir. İyunun 18-də Angela Merkel Berlində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı da özünü pis hiss etmişdi. Kansleri qəflətən titrəmə tutmuş və o, bir neçə dəfə əllərinin yerini dəyişməyə məcbur olmuşdu.
Yekun mətbuat konfransı zamanı Merkel susuzluq səbəbindən özünü pis hiss etdiyini və bir neçə şüşə su içdikdən sonra səhhətinin yaxşılaşdığını bildirmişdi.
Bundan bir neçə gün sonra o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin qəbulunda olan zaman vəziyyət yenidən təkrarlanmışdı.