DÜNYA
Ukraynada Müstəqillik Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO
Kiyev, 24 avqust, AZƏRTAC
Ukraynada Müstəqillik Günü münasibətilə paytaxt Kiyevdəki Yüz Səma Qəhrəmanı xiyabanında təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirak etdiyi mərasim dövlət himninin ifa edilməsi ilə başlayıb. Sonra həlak olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yüz qəhrəmanın ürək ritminin rəmzi olan yüz kilsə zəngi səslənib.
Dövlət bayrağının təntənəli surətdə qaldırılmasından sonra Prezident Vladimir Zelenski Donbasın müdafiəsində döyüşmüş hərbçilərə mükafatları təqdim edib.
Təntənəli mərasim hərbi hissələrin keçidi və Ukrayna Prezidentinin çıxışı ilə yekunlaşıb. Dövlət başçısı bütün ukraynalıları keçmişdə baş vermiş hadisələrə görə mübahisə etməməyə və birliyə çağırıb.
Rüstəm Məmmədov
Kiyev