Kiyev Milli Universitetində Azərbaycan multikulturalizmi mövzusuna həsr edilmiş mühazirə oxunub


Kiyev, 20 noyabr, AZƏRTAC
Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun akt zalında Azərbaycan multikulturalizmi mövzusuna həsr edilmiş mühazirə oxunub.
AZƏRTAC xəbər verir ki, məruzəçilər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və Azərbaycan Alban-Udin xristian icmasının başçısı Robert Mobili idi.
Tofiq Abbasov tələbələrə bildirib ki, Azərbaycanda multikulturalizm tarixən, azərbaycanlıların başqa mədəniyyətlərə qarşılıqlı hörmət və dözümlülük ənənələri sayəsində formalaşmış həyat tərzidir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisinin sözlərinə görə, Azərbaycan ərazisində yaşayan müxtəlif etnosların öz ənənələrini və identikliyini qoruyub saxlamaq, müxtəlif dinlərin nümayəndələrinin öz dininə etiqad bəsləmək imkanına malik olmaları üçün dövlətin dəstəyi ilə hər cür şərait yaradılıb. Tofiq Abbasov deyib: “Azərbaycan ölkə daxilində multikulturalizm siyasətini müvəffəqiyyətlə reallaşdırmaqla bərabər, regionda və dünyada dini və etnik azlıqların hüquqları ilə bağlı vəziyyəti, mədəniyyətlərarası dialoqu yaxşılaşdırmaq üçün başqa ölkələrlə təcrübə mübadiləsi aparmağa da hazırdır”.
Azərbaycan Alban-Udin xristian icmasının başçısı Robert Mobili öz icmasının nümunəsində Azərbaycan dövlətinin dini və etnik azlıqların qayğısına qalması, o cümlədən həmin azlıqların ana dilinin öyrənilməsi, öz dininə etiqad etməsi, nadir tarixi obyektlərin qorunub saxlanması üçün şərait yaradılması haqda danışıb. Robert Mobilinin sözlərinə görə, Qafqazın ən qədim xalqlarından biri olan udinlər multikultural və tolerant mühitdə yaşamaları sayəsində öz identikliyini, mədəniyyətini və dilini qoruyub saxlayıblar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov institutun türkologiya kafedrasına Azərbaycan multikulturalizmi haqqında kitablar hədiyyə edib.
Tədbirdə Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin məsləhətçisi Kamal Xəlilov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü Marina Qonçaruk, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun türkologiya kafedrasının müdiri İrina Pokrovskaya, Universitetin müəllimləri və tələbələr iştirak ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev