Çində yol çökməsi nəticəsində itkin düşənlərdən altısının cəsədi tapılıb VİDEO
Pekin, 14 yanvar, AZƏRTAC
Çinin Çinxay vilayətində avtomobil yolunun çökməsi nəticəsində itkin düşmüş hesab olunanlardan 6 nəfərinin cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 13-də axşamüstü Sinin şəhərinin əsas küçələrindən biri olan Nandaciedə baş verən hadisə zamanı marşrut avtobusu aşaraq iri dəliyə düşüb və ardınca partlayış baş verib. Dərhal əraziyə xilasedicilər, təcili yardım briqadaları cəlb olunub.
Yerli səlahiyyətlilər 10 nəfərin itkin düşdüyünü, 15 nəfər isə yaralı vəziyyətdə tapılaraq xəstəxanalara yerləşdirildiyini bildiriblər. Yaralılar arasında ağır vəziyyətdə olanı yoxdur. Axtarış işlərinin nəticəsində indiyədək 6 nəfərin meyiti tapılıb. Hazırda axtarış işləri davam etdirilir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin