REGİONLAR
Yevlaxlı nalbənd: Nal atın dırnağının sədəfini zədələnməkdən qoruyur VİDEO
Yevlax, 15 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanda tarixən daşişləmə, dulusçuluq, xalçaçılıq, boyaçılıq, zərgərlik, misgərlik, qalayçılıq, metalişləmə, dəmirçilik, nalbəndlik kimi sənət növləri inkişaf edərək geniş yayılıb. Xalqımızın uzun tarixi dövr ərzində yaratdığı bir çox sənət növləri kimi nalbəndlik də nəsildən-nəslə keçərək dövrümüzədək gəlib çatıb.
Nalbəndlik sənəti XX əsrin 50-ci illərinədək geniş yayılsa da, texnikanın inkişafı ilə əlaqədar hazırda bu sənətlə məşğul olanlar barmaqla sayılacaq qədərdir. Nalbəndlik sənətini yaşadanlardan biri də Yevlax rayonunun Salahlı kənd sakini Ramin Hüseynovdur.
Ramin Hüseynov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 20 ilə yaxındır nalbəndlik edir. Bu sənətə uşaqlıqdan maraq göstərən sənətkar ilk vaxtlarda ancaq öz atlarını nallayıb. Sonra tədricən nalbənd kimi tanınmağa başlayıb. Hazırda nəinki Salahlı kəndindən, eləcə də rayonun digər kəndlərindən də atlarını nallatmaq istəyənlər ona müraciət edirlər.
Nalbənd deyib ki, at nallanmasa rahat yeriyə bilmir. Nal onun dırnağının sədəfini zədələnməkdən qoruyur. Atın ayağına adətən 2-3 yaşında nal vurulur. Sürülməyindən asılı olaraq atları il ərzində 3-4 dəfə nallamaq lazımdır: “Atı nallamaq üçün çəkic, kəlbətin, yonqar, zindan kimi alətlərdən istifadə edirəm. Nal və mıxları Gəncədən alıram. Əvvəlcə atın dırnaqları yonqarla yonulur, sonra ayağının ölçüsünə uyğun nallanır. Bir atın nallanması 14 manata başa gəlir”.
İşini çox sevdiyini deyən Ramin usta artıq unudulmaqda olan bu el sənətini yaşatdığına görə məmnun olduğunu bildirib. Ata-babalarımızdan bizə miras qalmış nalbəndliyin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün qardaşı oğluna da bu sənəti öyrədir.