Pərviz Şahbazov: TAP-ın reallaşması İtaliyanın cənubunda ekoloji vəziyyəti də yaxşılaşdıracaq VİDEO
Roma, 16 yanvar, AZƏRTAC
Romada keçirilmiş İtaliya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın V iclasına həmsədrlik edən Energetika naziri Pərviz Şahbazov həmin ölkənin “Askanews” xəbər agentliyinə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, nazir müsahibəsində Azərbaycan və İtaliya arasındakı əməkdaşlığın bütün sahələr üzrə yüksək səviyyədə olduğunu bildirib.
“İtaliya və Azərbaycan iqtisadi, siyasi, mədəni sahələr üzrə çox sıx əməkdaşlıq edir. Bu səfər çərçivəsində də iki ölkə arasında bir sıra vacib sənədlər imzalanıb, görüşlər keçirilib. Bilirsiniz ki, ölkələr arasında enerji sahəsində strateji əməkdaşlıq mövcuddur və bizim danışıqlarımızın da əksəriyyəti məhz bu kontekstdə aparılıb”, - deyə nazir vurğulayıb.
TAP layihəsi ilə bağlı mövzuya da toxunan nazir işlərin 2020-ci ilin sonuna doğru yekunlaşacağını deyib: “TAP boru kəməri Cənub Qaz Dəhlizinin 4 komponentindən biridir və layihə üzrə işlərin 90 faizi yekunlaşıb. Bu boru kəməri vasitəsilə İtaliyanın cənubundakı ekoloji vəziyyət də yaxşılaşacaq, karbonizasiya problemi azalacaq. Hazırda layihənin reallaşması üçün heç bir maneə yoxdur”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma