CƏMİYYƏT
Çində koronavirusa yoluxanların sayı 295-ə çatıb VİDEO
Pekin, 21 yanvar, AZƏRTAC
Çində daha 77 nəfərin koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxduğu təsdiqlənib. Bununla da ölümcül virusa yoluxanların ümumi sayı 295-ə çatıb. Dörd nəfər artıq virusdan vəfat edib.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, koronavirusa yeni yoluxanların 72-i məhz bu virusun aşkarlandığı və ən çox yayıldığı Uxan şəhərinin sakinləri, 3 nəfər Pekin, 2 nəfər Şanxay sakinidir. Bundan başqa, Çinin 9 bölgəsində koronavirusa yoluxma şübhəsi ilə 27 nəfər tibbi nəzarət altına alınıb.
Komissiyanın məlumatına əsasən, virusa yoluxmuş şəxslərlə yaxın ünsiyyətdə olmuş 1739 nəfər müəyyən edilib, onlardan 922-si həkim nəzarətindədir.
Dövlət Səhiyyə Komissiyasının yüksək səviyyəli ekspertlər qrupu koronavirusun yeni növünün insandan insana keçməsi faktını təsdiqləyiblər. Elə 15 tibb işçisinin də xəstələrlə yaxın ünsiyyət nəticəsində koronavirusa yoluxduğu ehtimal olunur. Çindən başqa Tailandda iki, Cənubi Koreyada və Yaponiyada isə bir nəfərin bu virusa yoluxduğu təsdiqlənib. Onların hamısı Çinin Uxan şəhərindən səyahət edənlərdir. Şərq ölkələrinin ay təqvimi ilə qeyd olunan Yeni il bayramı ərəfəsində Çində səyahətlərin çoxalması virusun daha çox yayılmasına şərait yarada bilər.
Qeyd edək ki, koronaviruslar sətəlcəmdən tutmuş Orta Şərq Respirator Sindromu (MERS) və Şiddətli Kəskin Respirator Sindromuna (SARS) qədər müxtəlif xəstəliklərə səbəb olan böyük bir virus qrupudur. Xəstəliyin klinik əlamətləri əsasən hərarətdir, bəzi pasiyentlərin döş qəfəsi rentgenoqrafiyalarının nəticələrində hər iki ağciyərdə infiltrasiya və tənəffüs çatışmazlığı müşahidə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin