CƏMİYYƏT
Sumqayıtda avtobuslarda cibgirliklə məşğul olan iki nəfər saxlanılıb VİDEO
Bakı, 21 yanvar, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları sərnişin avtobuslarında cibgirliklə məşğul olan şəxslərə qarşı əməliyyat keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 7 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda sərnişinlərin sıx olduğu vaxtlarda cibgirlik edən iki nəfər şəhər sakini - əvvəllər məhkum olunmuş Məmməd Məmmədov və Elnur Abbasov əməliyyat zamanı saxlanılıblar. Araşdırma zamanı hər iki şəxsin avtobuslarda ümumilikdə dörd vətəndaşın cibindən pul, mobil telefon və qiymətli əşyalar oğurladıqları müəyyən edilib.
Həmin şəxslərin avtobuslarda cibgirlik etmələri nəqliyyat vasitələrində quraşdırılan müşahidə kameraları vasitəsilə də anbaan qeydə alınıb.
Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. E.Abbasov və M.Məmmədovun Sumqayıt, eləcə də paytaxt ərazisində analoji cinayətlər etdikləri istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.