CƏMİYYƏT
Dövlət Komitəsi gender üzrə məsul şəxslər üçün təlimlərə başlayıb
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşkilatçılığı ilə gender bərabərliyi üzrə məsul şəxslər üçün təşkil olunmuş ikigünlük təlim kurslarına start verilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, kurslarda təlimçilər gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının müdafiəsi, mövcud gender siyasəti, gender auditi, bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları və digər mövzularla bağlı təqdimatlarla çıxış ediblər.
Komitənin sədr müavini Sədaqət Qəhrəmanova gender bərabərliyi ilə bağlı təlimlərin keçirilməsinin əsas məqsədinin kişi və qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanların yaradılması olduğunu diqqətə çatdırıb. Sədr müavini gender bərabərliyinin təmin olunması haqqında Qanunun qəbul edilməsinin qadınların da kişilərlə bərabər cəmiyyətə inteqrasiyasında rolundan danışıb. O, gender bərabərliyinin təmin olunması istiqamətində Komitənin hazırladığı “Gender bərabərliyi”, “Məişət Zorakılığı” və BMT-nin “Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməsinin Azərbaycanda tətbiqinə dair 2020-2023-cü illər üçün” Milli Fəaliyyət planlarının qəbul edilməsinin bu sahədə ölkə qanunvericiliyinin gücləndirilməsi baxımdan mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
S. Qəhrəmanova dövlət qurumlarının nümayəndələrinə təlimlərdə gender məsələlərinə diqqət edilməsi ilə bağlı tövsiyələrə əsaslanaraq gələcəkdə qadınların kişilərlə bərabər təmsilçiliyinin təmin olunmasında ortaya çıxan maneələri təhlil edərək təkliflər irəli sürə biləcəklərini bildirib.
BDU-nin Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova təlim iştirakçılarına “Gender bərabərliyinin əlifbası”, “Gender bərabərliyinin əsas prinsip və araşdırma metodları”, “Gender bərabərliyi milli qanunvericilikdə”, “Beynəlxalq konvensiyalarla əməkdaşlıq”, “Dövlət gender siyasətinin həyata keçirilməsi: mövcud vəziyyət və perspektivlər”, “Gender bərabərliyi nədir? Mövcud gender siyasəti” mövzularında mühazirə oxuyub.
Yanvarın 31-də keçiriləcək təlim kurslarında isə CEDAW Komitəsinin fəaliyyəti, “Liderlik və qərar qəbuletmə”, “Gender auditi”, “Gender indikatorları və gender analizi”, “Genderin inteqrasiyası”, “Ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə gender bərabərliyinin inteqrasiyası”, “Gender bərabərliyini gündəlik fəaliyyətə necə inteqrasiya etmək olar?” kimi mövzular əhatə olunacaq.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov və həmin şöbənin baş məsləhətçisi Aynur Veysəlova-Abbasova, Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə, Qadın problemləri və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova, BDU-nin Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova və kafedranın müəllimi Nigar Səfərova təlimlərdə mühazirəçi qismində iştirak edirlər.