REGİONLAR
Tovuz sakini düzəltdiyi təsbehlə “Ginnesin rekordlar kitabı”na düşmək istəyir REPORTAJ VİDEO
Tovuz, 8 fevral, AZƏRTAC
Tovuz sakini uzunluğu 10 metrdən bir qədər çox olan təsbeh düzəldib.
AZƏRTAC xəbər verir ki, 63 yaşlı Tovuz şəhər sakini Qəzənfər Nəcəfov kiçik təsbehlərin muncuqlarını toplayaraq, simmetrik formanı qorumaq şərti ilə uzun təsbeh hazırlayıb. İllərdir üzərində çalışdığı əl işinin 4 kiloqram çəkisi var. Uzun təsbehə 2 min ədəd muncuq sərf olunub. Təxminən 500 manatdan artıq çəkilən xərc nəticəsində maraqlı əl işi ərsəyə gəlib.
Müxtəlif materiallardan olan muncuqları bir-bir, səbirlə ipək sapa düzüb. Əl işində kəhrəba, farfor, ebonit və digərlərindən istifadə olunub. Tovuz sakini bu cür işlərin həvəskarı olduğunu, lakin hazırladığı bu təsbehi satış üçün nəzərdə tutmadığını deyir.
“Həmişə təsbehlərlə maraqlanmışam. Gənc yaşlarımdan həvəsim olub. Əsas məqsədim bu təsbehi 20 metr uzunluğa çatdırmaqdır”, - deyə usta bildirib. Qəzənfər Nəcəfovun əsas arzusu bu işi ilə adını “Ginnesin rekordlar kitabı”na yazdırmaqdır.
Əl işini ərsəyə gəlməsində ona ailə üzvləri, əsasən də həyat yoldaşı Səkinə Nəcəfova da yaxından kömək edir.
Ustanın düzəltdiyi bu uzun təsbeh evinə gələn qonaqların da diqqətini çəkir. Hətta gözündə yaranan problem belə, 63 yaşlı ustanı diqqət, dəqiqlik tələb edən işindən ayıra bilməyib. Qəzənfər kişi əl işinin “Ginnesin rekordlar kitabı”na düşdükdən sonra rayonda muzeylərin birinə təqdim edəcəyini deyir.