ELM VƏ TƏHSİL
Moskvada türkiyəli tarixçi Mehmet Perinçekin kitabının təqdimatı keçirilib


Moskva, 29 fevral, AZƏRTAC
Moskvada türkiyəli tarixçi Mehmet Perinçekin “Rusiya-Türkiyə diplomatiyasının gizli səhifələri arxiv materiallarında: Möhtəşəm Süleymandan Nazim Hikmətədək” kitabının təqdimatı və arxiv kinosənədlərin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, Mehmet Perinçek tarix elmləri doktoru, Moskva Dövlət Universitetinin Asiya və Afrika ölkələri İnstitutunda dəvət edilmiş professordur. O, son 20 il ərzində Rusiya arxivlərində Rusiya-Türkiyə münasibətlərinin, qondarma “erməni soyqırımı”nın, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərinə dair sənədlərlə işləyir. Alimin istər türk dilində, istərsə də xarici dillərdə 15-dən çox kitabı nəşr olunub.
Mehmet Perinçek AZƏRTAC-a müsahibəsində bildirib ki, kitabda XVI əsrdən XXI əsrədək olan dövrdə Rusiya-Türkiyə münasibətlərinin mühüm dövrləri əksini tapıb. O deyib: “Gəldiyim nəticə budur ki, Rusiya və Türkiyə savaşarsa, çox şey itirərlər. Əksinə, iki ölkənin işbirliyi qurub əməkdaşlıq etməsi yalnız xalqlarımızın rifahına xidmət edir. Kitabımda Rusiya-Türkiyə münasibətlərinə dair indiyədək məlum olmayan faktlar, o cümlədən erməni məsələsindən bir sıra dövlətlər tərəfindən Türkiyə və Azərbaycana qarşı istifadə edildiyini, “erməni soyqırımı”nın dünya miqyasında bir yalan olduğunu sübuta yetirən sənədlər əksini tapıb”.
Nəşrə ön sözdə rusiyalı filosof və politoloq Aleksandr Dugin yazır: “Mehmet Perinçekin kitabı rusların və türklərin tarixində təbii qohumluğu və yaxınlığı nümayiş etdirməyə, bu ölkələr arasında hazırda və gələcəkdə alyans qurmağın nə dərəcədə zəruri olduğunu göstərməyə yönəlib”.
Kitabda “Hərbi dövrdə sovet və türk sualtı qayıqları gizlicə bir-birinə nə ötürüblər?”, “Türkiyədə əsir götürülmüş ruslar Birinci Dünya müharibəsindən sonra nə ilə məşğul olublar?”, “Siyasətçilərin və nüfuzlu şəxslərin bir gizli görüşü regionun geosiyasi xəritəsini necə dəyişə bildi?” və digər bu kimi suallara cavab tapmaq mümkündür.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva