DÜNYA
Çinin Sədri koronovirus epidemiyasının episentri olan Uxana səfər edib VİDEO
Pekin, 10 mart, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin yeni tip koronavirus (COVID-19) epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirləri yoxlamaq üçün virusun episentri olan Xubey vilayətinin inzibati mərkəzi Uxan şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Çin lideri sırf koronavirusa yoluxan xəstələrin yerləşdirilməsi üçün təxminən 10 gün ərzində inşa olunan və Çin silahlı qüvvələrinin sərəncamına verilən Huoşenşan xəstəxanasına baş çəkib. ÇXR Sədrinə xəstəxananın fəaliyyəti və xəstələrin müalicəsi barədə məlumat verilib. Si Cinpin burada müalicə olunan xəstələrlə və tibb işçiləri ilə söhbət edib.
Bu, Çində koronavirus epidemiyasının ortaya çıxmasından sonra Sədr Si Cinpinin Uxana ilk səfəridir. Bundan əvvəl Çin lideri paytaxt Pekində koronavirus epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirlərin gedişi ilə yerində tanış olmuşdu.
Qeyd edək ki, Çində COVID-2019-a yoluxanların sayı 80 min 928, bu virus səbəbindən ölənlərin sayı isə 3 min 140 nəfərə çatıb. Çin Dövlət Səhiyyə Komitəsinin məlumatına əsasən, ötən sutka ərzində 19 yoluxma və 17 ölüm faktı qeydə alınıb. Son günlər Çində virusa yoluxanların və ölənlərin sayında azalma müşahidə olunur. İndiyədək 60 minə yaxın xəstə müalicəni başa vuraraq xəstəxananı tərk edib.
Çindən başqa, 100-dən çox ölkədə 20 minə yaxın yoluxma, 900-ə yaxın ölüm faktı qeydə alınıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin