Bayram süfrələrinin bəzəyinə çevrilən Quba paxlavası VİDEO
Quba, 21 mart, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan şirniyyatı bütün dünyada məşhurdur. Milli mətbəximizdə undan hazırlanan şirniyyat məmulatının 30-dan çox növü var. Quba paxlavası bu şirniyyatlar arasında özünəməxsus yer tutur.
Uzun illərdir paxlava bişirən Habil Bayramov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Quba paxlavası artıq rayonun simvollarından birinə çevrilib. Kimsə rayona gələrsə ona bu şirniyyat təqdim olunur, qubalılar qonaq gedəndə özləri ilə paxlava hədiyyə aparırlar. Bundan başqa, qonşu ölkələrdə yaşayan həmvətənlərimiz də bayram günləri üçün paxlava sifariş verirlər. Quba paxlavası çay süfrələrinin də əsas bəzəyidir.
Bu şirniyyatın hazırlanması uzun, amma zövqlü bir prosesdir. Paxlava bişirən hər kəs səbir, dözüm və fiziki gücə sahib olmalıdır.
“Quba paxlavasını bişirmək üçün ilk növbədə, xəmir yoğurulur. Xəmirin tərkibi yalnız un və sudan ibarət olur. Sonra ərişdə adlanan paxlava layları hazırlanır. Təxminən 50-yə yaxın ərişdə mis siniyə üyüdülmüş qoz ləpəsi ilə birlikdə düzülür. Ardınca ərişdələr paxlava formasında səliqə ilə doğranaraq üzərinə zəfəranlı boya çəkilir. Paxlavanın estetik görünüşlü olması üçün üzərinə qoz ləpəsi qoyulur, sabit temperaturda 20-30 dəqiqə müddətində bişirilir. Hazırlanma prosesi paxlavanın üzərinə qaynar şərbətin tökülməsi ilə yekunlaşır”, - deyə H.Bayramov bildirib.
Paxlavanın bir kiloqramı 8 manata satılır. Romb formasında olan bir dilimi isə alıcılara 0,5-1 manata təklif olunur.