REGİONLAR
Kürdəmirin Mürtülü kəndində baş verən hadisə sakinləri təşvişə salıb VİDEO
Kürdəmir, 15 may, AZƏRTAC
Kürdəmir rayonunun Mürtülü kəndində ilanlar axınla bir neçə evə girib və bu hadisə sakinləri qorxuya salıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kənd camaatı bu qorxunu artıq neçə illərdir yaşadıqlarını söyləyirlər. İlanların evlərə, necə deyərlər, “hücumu” yaz aylarında, istilər düşəndə olur. Belə ki, kütləvi şəkildə müxtəlif növ ilan sürü ilə evlərə ya zirzəmidən, ya da tavandan doluşur. İlanların hücumuna əsasən iki ev - Mehman Cəfərova və Rövşən Rəsulova məxsus fərdi mənzillər məruz qalır. Kənd sakini, 4 uşaq atası M.Cəfərov deyir ki, ailədə 8 nəfərdirlər. Hər gün həyətdə və evdə 5-6 ilan öldürür, lakin onların sayı azalmaq bilmir. Bütün sutka ərzində özümüzü və uşaqları qorumaq məcburiyyətində qalırıq.
R.Rəsulov isə bir dəfə anası Elmira Rəsulovanı ilanın sancdığını, bundan sonra anasının Bakıya köçərək orada yaşadığını söyləyib.
İndi sakinlər ilanların bəlasından qurtulmaq üçün kömək gözləyirlər. Kənd icra nümayəndəsi Bəylər Qurbanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sakinləri bu bəladan qurtarmaq üçün əlaqədar təşkilatlara müraciət olunacaq.