DÜNYA
Çin Xalq Siyasi Məşvərət Şurasının illik sessiyası işə başlayıb VİDEO
Pekin, 21 may, AZƏRTAC
Pekində 13-cü Çin Xalq Siyasi Məşvərət Şurasının təxirə salınmış 3-cü illik sessiyası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak ediblər.
Əvvəlcə Çində yeni növ koronavirus (COVID-19) qurbanlarının və epidemiya ilə mübarizədə həyatlarını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şuranın sədri Van Yan qurumun illik hesabatını təqdim etdikdən sonra gündəlik təsdiq olunub. Mayın 27-dək davam edəcək sessiyada ölkə həyatının siyasi, iqtisadi və sosial sahələrinə dair müzakirələr aparılacaq, təkliflər hazırlanacaq.
Qeyd edək ki, Çin siyasi sisteminin vacib orqanı olan Siyasi Məşvərət Şurası Çin Kommunist Partiyasının liderliyi altında siyasi məşvərətçi orqan statusuna malikdir. Şuranın əsas funksiyaları siyasi məsləhətləşmə, demokratik nəzarət və dövlət işlərinin müzakirə və idarə edilməsində iştirakdır.
Şuranın ildə bir dəfə keçirilən sessiyası adətən martın əvvəlində baş tutur. Amma COVID-19 pandemiyası ilə əlaqədar builki sessiyanın planlaşdırılan vaxtda təşkili mümkün olmamışdı.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin