DÜNYA
COVID-19: Fransada həkimlər etiraz nümayişinə başlayıblar VİDEO
Paris, 22 may, AZƏRTAC
Parisdə COVID-19 pandemiyası ilə əlaqədar 10 nəfərdən çox toplaşmağa qadağa qoyulmasına baxmayaraq, Robert-Debre xəstəxanası qarşısında yüzlərlə insan, eləcə də ağ xalatlı tibb işçiləri və sarı jiletlər nümayiş ediblər.
AZƏRTAC xəbər verir ki, nümayişçilər xəstəxanalar üçün “çarpayılar” və “dövlət xəstəxanaları üçün maliyyə” tələb ediblər. Onlar “xəstəxana qəzəbi təcrid olaraq qalmayacaq”, “hamımız səhiyyəmiz üçün birləşirik” şüarlarını səsləndiriblər.
Təxminən 50 nümayişçi üçün protokol bağlanıb və 135 avro cərimə edilib, bir neçə nümayişçi saxlanılaraq dindirilib.
Həmkarlar təşkilatları qarşıdan gələn günlərdə dövlət səhiyyəsi ilə bağlı aksiyalar keçiriləcəyinə dair məlumat yayıblar. Mayın 25-dən 28-dək bir çox şəhərlərdə xəstəxanaların tətil edəcəyi qeyd olunub.
Səhiyyə naziri Olivye Veran ən geci iyulun ortalarınadək xəstəxanalara verilmiş vədlərə nail olacağına ümid etdiyini bildirib. Gələn həftədən səhiyyə həmkarları ilə danışıqlara başlanılacaq. Danışıqlar gündəliyinin əsas mövzusu məvacibin artırılmasıdır.
Xatırladaq ki, COVID-19 pandemiyasından əvvəl Fransada həkimlər xəstəxanalarda vəziyyətin acınacaqlı olmasından, işçilərin, eləcə də tibbi ləvazimatın çatışmazlığından şikayətlənərək nümayiş keçirirdilər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris