REGİONLAR
Lənkəranda karantin rejiminin tələblərinə nəzarət gücləndirilib
Lənkəran, 1 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin sıx olduğu ərazilərdə, o cümlədən ticarət mərkəzləri, bank filialları və bankomatların qarşısında, avtobus dayanacaqlarında və digər obyektlərdə pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə profilaktiki tədbirlər həyata keçirir və vətəndaşlarla maarifləndirici söhbətlər aparırlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən növbəti belə tədbir zamanı vətəndaşlara sosial məsafənin gözlənilməsinin vacibliyi, bazarlarda, qapalı ictimai-iaşə, ticarət və xidmət obyektlərində tibbi maskadan istifadə edilməsinin zəruriliyi diqqətə çatdırılıb.
Ticarət və xidmət obyektlərinin sahiblərinə bir daha xəbərdarlıq edilib ki, həmin obyektlərdə çalışanların, eyni zamanda, müştərilərin və xidmətdən yararlanan şəxslərin gigiyenik vasitələrdən istifadə etməsi təmin olunsun.
İctimai nəqliyyatda da sərnişin sayının normalar çərçivəsində tənzimlənməsi, istər sürücülərin, istərsə də sərnişinlərin tibbi maskadan istifadəsinin təmin olunması ilə bağlı tədbirlər davam etdirilir, izahat-maarifləndirici söhbətlər aparılır.
Keçirilən tədbirlər zamanı, həmçinin polis işçiləri tərəfindən vətəndaşlara tibbi maskalar paylanılıb.