DÜNYA
Hindistanda dəmir yolu nəqliyyatının hərəkəti bərpa olunub VİDEO
Pekin, 2 iyun, AZƏRTAC
Hindistanda yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fəaliyyəti müvəqqəti dayandırılmış dəmir yolu nəqliyyatında hərəkət bərpa olunub.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Hindistanda iyunun 1-dən başlamış xüsusi karantin rejiminin 5-ci mərhələsinin ilk günündə paytaxt Dehlidən ölkənin müxtəlif istiqamətlərinə 100 qatar yola düşüb. Həmin qatarların sərnişinlərinin ümumi sayı 145 mindən çox olub. Digər şəhərlərdən də təxminən bir o qədər qatar hərəkət edib.
Daxili İşlər Nazirliyinin təsdiq etdiyi təlimata uyğun olaraq bütün sərnişinlər elektron bilet alarkən sağlamlıq vəziyyəti barədə məlumat verməli, bundan başqa, bədən hərarətinin ölçülməsi üçün dəmir yolu vağzallarına qatarların hərəkət vaxtından ən azı 1 saat yarım əvvəl gəlməli, səyahət boyu qoruyucu maska taxmalı, sosial məsafəni qorumalıdırlar. Epidemioloji qaydalara uyğun olaraq qatarlar hər səyahətdən əvvəl dezinfeksiya olunur. Vaqonlarda isə əlləri dezinfeksiya etmək üçün maddələr qoyulub. Virusun yayılmasının qarşısını almaq üçün səyahət vaxtı yemək və yataq dəsti təchizatına icazə verilmir.
Qeyd edək ki, COVID-19 pandemiyası ilə əlaqədar martın 25-dən Hindistanda qüvvədə olan xüsusi karantin rejimi iyunun 1-dən etibarən daha bir ay müddətinə uzadılıb. Karantin rejiminin 5-ci mərhələsinə aid olan yumşaldılmalara qatarların hərəkəti də daxildir.
Hindistan hazırda infeksiyaya yoluxma hallarının sayına görə dünyada 7-ci sıradadır. Ölkədə COVID-19 virusuna yoluxanlar 200 min nəfərə yaxınlaşır, ölənlərin sayı isə 5612-dir. Ən pis vəziyyət Maharştra, Tamil Nadu ştatlarında və paytaxt Dehlidədir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin