Çində antiepidemik məhsulların sərgi-yarmarkası keçirilir VİDEO
Pekin, 12 iyun, AZƏRTAC
Çinin iri ticarət şəhəri olan Quancouda antiepidemik materiallar və avadanlıqların sərgi-yarmarkası işə başlayıb.
AZƏRTAC xəbər verir ki, sərgi-yarmarka dünyada davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən antiepidemik məhsullara tələbatın kəskin çoxalması səbəbindən aktualdır. Çinin 200-dən çox şirkəti material, avadanlıq, xidmət və xammal bölmələrində öz məhsullarını təqdim edir. Buraya test dəstləri, qoruyucu geyimlər, maskalar, dezinfeksiya maddələri, süni tənəffüs cihazları, habelə tibbi maska istehsalı üzrə avadanlıq və sair aiddir.
Təşkilatçılar müxtəlif ölkələrdən olan şirkətlərin istəyini nəzərə alaraq, xarici iş adamlarının sərgidə onlayn formada iştirakını təmin edib. Bundan başqa, Quancoudakı 65 ölkənin konsulluğunun və 30 xarici ticarət palatasının nümayəndələri də sərgiyə dəvət olunublar.
Qeyd edək ki, Çinin COVID-19 virusu ilə mübarizəsinə dair hesabatına əsasən, bu ölkə martın 1-dən mayın 31-dək təxminən 200 ölkəyə antiepidemik məhsullar, o cümlədən 70 milyard ABŞ dolları dəyərində maska, 340 milyon ədəd qoruyucu geyim, 225 milyon test dəsti, 40 milyon infraqırmızı termometr ixrac edib. İlin əvvəlindən bəri Çinin ixracında azalma tendensiyasının davam etməsinə baxmayaraq, ölkənin epidemiya əleyhinə məhsul ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunur.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin