ELM VƏ TƏHSİL
Turizm və Menecment Universitetində yay imtahan sessiyası davam edir

Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyinin müvafiq tövsiyələrinə əsasən mövcud vəziyyətlə əlaqədar olaraq yay imtahan sessiyası onlayn qaydada (müsahibə, təqdimat) təşkil olunub.
2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası üzrə universitetdə keçirilən imtahanlarda bakalavriat səviyyəsi üzrə 320 qrupdan 7 min 149 tələbə iştirak edib və hamısı müvəffəq qiymət alıb. Bakalavriat səviyyəsi üzrə 358 tələbə müəyyən səbəblərdən imtahanlarda iştirak edə bilməyib. Magistratura səviyyəsi üzrə 143 qrupdan 990 magistrant imtahan verib, 49 tələbə isə müəyyən səbəblərdən imtahanlarda iştirak etməyib. Avqust ayında təşkil olunacaq icmal mühazirələrdə indiyədək 335 tələbə qeydiyyatdan keçib.
Yay imtahan sessiyası barədə statistik hesabatlar gündəlik olaraq Təhsil Nazirliyinə elektron formada təqdim olunur.