ELM VƏ TƏHSİL
Abituriyentlər Azərbaycan Turizm və Menecment Universiteti barədə məlumatlandırılıb
Bakı, 22 avqust, AZƏRTAC
2020-2021-ci tədris ilində Azərbaycan Turizm və Menecment Universitetinə (ATMU) qəbulla əlaqədar bu ali məktəbin məsul əməkdaşlarının abituriyentlərlə onlayn görüşü keçirilib.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə abituriyentlərə ixtisaslar, ixtisasların daxil olduğu qəbul qrupları, keçid balları, universitetin tələbələr üçün təmin etdiyi imkanlar, beynəlxalq təhsil proqramları, "Azərbaycan-Avstriya Turizm Proqramı", məzunlar üçün iş imkanları, tələbələrin könüllülük fəaliyyətinin təşkili və digər mövzular haqqında ətraflı məlumat verilib. Həmçinin ötən tədris ilində turizm işinin təşkili ixtisas proqramı üzrə ISO 9001:2015 və eyni təhsil proqramı üzrə Ümumdünya Turizm Təşkilatının “UNWTO.TedQual” beynəlxalq keyfiyyət sertifikatlarına layiq görülməsi də abituriyentlərin diqqətinə çatdırılıb.
Görüşdə ATMU-nun əməkdaşları abituriyentlərin suallarını cavablandırıblar.