REGİONLAR
Arxeloqlar Şabrandakı Çaqqallıqtəpə abidələr kompleksində qədim nekropolun olmasını ehtimal edir VİDEO
Şabran, 3 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonu ərazisindəki eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid Çaqqallıqtəpə abidələr kompleksində arxeoloji qazıntıların növbəti mərhələsinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 11-dən başlayaraq qazıntı işləri I Çaqqallıqtəpədə aparılır.
Bu ərazidəki qədim yaşayış yerləri ötən əsrin 70-ci illərində qeydə alınıb. Ərazidə qədim təpəliklər mövcuddur. 2016-cı ildə aparılan arxeoloji qazıntılar zamanı Çaqqallıqtəpədə 5 minillik tarixə malik qazma evlər aşkarlanıb. Rayonun Aygünlü kəndi ərazisində yerləşən abidədə aşkarlanan tapıntılar Şimali Qafqazdan Suriyaya, Fələstinə qədər gedib çıxan Kür-Araz mədəniyyətinə aiddir. Eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəlinə aid edilən abidə bu vaxta kimi Azərbaycanın şimal-şərqində aşkarlanan və tədqiqatlar aparılan ən qədim yaşayış məskənidir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Şabran arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hazırda arxeoloqlar I Çaqqallıqtəpədə qazıntı işləri aparır. Əsas məqsəd mədəni təbəqəni sona qədər öyrənmək və təpənin ilk məskunlaşma dövrünü müəyyənləşdirməkdir.
“Builki nailiyyətlərimiz daha çoxdur. Bölgə üçün xarakterik olan Erkən Tunc dövrünə aid qazma tipli evlərin xarakterini tam müəyyənləşdirə bilmişik. Bundan başqa, çiy kərpicdən qurulmuş dairəvi tikilinin tam formasını üzə çıxarmışıq. Həmin dövr üçün nadir haldır ki, çiy kərpicdən olan dairəvi evin 9 cərgəsi salamat qalıb. Bu da həmin evin yuxarı hissəsinin formasını müəyyən etməyə imkan verir. Bu hal Kür-Araz mədəniyyəti üçün yenilikdir”, - deyə ekspedisiyanın rəhbəri bildirib.
Səfər Aşurov qeyd edib ki, qazıntılar zamanı bir çox maraqlı tapıntılar aşkarlanıb. Bunların əksəriyyəti Erkən Tunc dövrü üçün xarakterik olan saxsı qabların qalıqlarıdır: “Saxsı qabların əksəriyyətinin üzərində yarımşar formalı qulplar var. İlk dəfə olaraq bu abidədə qoç fiquru da aşkarlanıb. Bu, həmin dövrün insanlarının təsərrüfat həyatını müəyyənləşdirməyə imkan verir. Daha çox materiallar isə sümükdən olan əmək alətləridir ki, bunlardan bəziləri toxuculuqla (bizlər, iynələr), bəziləri isə ovçuluqla (nizə və ox ucları) bağlıdır. Bu tip abidələr adətən vadi boyunca bir-birinə yaxın yerləşir. Burada 5 belə təpə müəyyən edilib. Gələcəkdə digər təpələrdə də qazıntılar aparmaq nəzərdə tutulub. Bu təpələrin hansındasa nekropol olması ehtimalı var. Bu günə qədər bu bölgədə həmin dövr üçün xarakterik olan qəbir abidələri bəlli deyil və öyrənilməyib”.
Çaqqallıqtəpədə qazıntılar zamanı aşkarlanan ən əhəmiyyətli tapıntılardan biri də elmi ədəbiyyatda tokin adlandırılan gil əşyalardır. Tokinlər yazıyaqədər mübadilədə istifadə olunan gildən hazırlanmış xüsusi jetonlardır. Erkən Tunc dövrünə aid bu əşyalara indiyədək Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikası ərazisindəki Maxta tarixi abidəsində rast gəlinib. Tokinlər Çaqqallıqtəpənin yerləşdiyi ərazidə ilkin inzibati idarəetmənin, yəni dövlətçilik ənənələrinin mövcud olduğunu sübut edir.