DÜNYA
ABŞ-da davam edən meşə yanğınlarının tüstüsü Şimali Avropaya çatıb VİDEO
Bakı, 17 sentyabr, AZƏRTAC
ABŞ-ın qərb sahillərində davam edən meşə yanğınlarının tüstüsü Şimali Avropaya çatıb.
AZƏRTAC Interfax agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Atmosferin Monitorinqi Xidməti (CAMS) məlumat yayıb. Məlumata əsasən, bu həftə ərzində tüstü Atlantik Okeanını yenidən aşaraq istirahət günlərində Avropaya çatacaq.
Avropa Atmosferin Monitorinqi Xidməti qeyd edir ki, cari ildə ABŞ-da yanğın aktivliyi 2003-2019-cu illərdəki göstəricilərdən onlarla, hətta yüz dəfələrlə çoxdur. Bundan başqa, 2020-ci ildə Kaliforniya və Oreqon ştatlarında baş verən meşə yanğınları səbəbindən atmosferin karbon qazı ilə çirklənməsi təşkilatın 2003-cü ildən apardığı monitorinq dövrü ərzində ən yüksək göstəriciyə çatıb.
“Yanğınlar atmosferi o dərəcədə çirkləndirir ki, biz 8 min kilometr məsafədən qatı tüstünü müşahidə edirik. Bu, təbii fəlakətin böyüklüyünə və davamlılığına görə nə dərəcədə dağıdıcı olduğunu göstərir”, - deyə qurumun böyük elmi işçisi Mark Parrinqton bildirib.
Qeyd edək ki, avqust ayında ABŞ-ın qərb sahillərində başlayan meşə yanğınları ən çox Kaliforniya və Oreqon ştatlarına zərər vurub. İndiyə qədər təbii fəlakət 30-dan çox insanın həyatına son qoyub, onlarla insan isə itkin düşüb.