CƏMİYYƏT


Əcnəbi vətəndaşların Tibb Universitetinin hazırlıq kursuna qəbulu davam edir

Bakı, 27 oktyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu davam edir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır.

Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, 2018/2019-cu tədris ilindən etibarən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən aparılır. Bu məqsədlə, lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir. Artıq növbəti mərhələdə namizədlərlə videomüsahibə aparılır.

Əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən olan əcnəbi vətəndaşlar ATU-da təhsil almaq üçün həvəs göstərirlər. Statistikaya nəzər yetirsək, bu günə qədər 1000-ə yaxın müraciət elektron qaydada portala daxil olunub.

Qəbul prosesinin şəffaf aparılması məqsədilə, ATU-nun rektorunun əmri ilə xüsusi komissiya yaradılıb. Komissiyanın tərkibinə ümumi işlər üzrə prorektor Tahir Vəliyev, beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, xarici tələbələrlə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov, dekan müavini Nəzrin Musabəyova və fənn müəllimləri daxildir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.