CƏMİYYƏT
Bərdə şəhərinə raket atəşi nəticəsində həlak olan azərbaycanlı mülki şəxslərin xatirəsi İspaniyada anılıb VİDEO
Madrid, 30 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə şəhərində mülki əhaliyə qarşı törədilmiş müharibə cinayəti ilə əlaqədar ölkəmizin İspaniyadakı səfirliyinin binası qarşısında xatirə guşəsi yaradılıb.
AZƏRTAC xəbər verir ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınması nəticəsində həlak olan insanların fotoları, Ermənistanın törətdiyi növbəti müharibə cinayətinin fəsadlarına dair müxtəlif materiallar, infoqram və məlumatlar nümayiş etdirilib.
İspaniyada yaşayan həmvətənlərimiz, eləcə də yerli ictimaiyyətin nümayəndələri səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzüb, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş mülki şəxslərin xatirəsinə dərin ehtiramlarını ifadə edib, bu təcavüz aktından təsirləndiklərini, böyük kədər hissi keçirdiklərini bildiriblər. Mərasim iştirakçıları bu cinayəti insanlığa nifrət hissinin təzahürü kimi qiymətləndiriblər.
2020-ci il oktyabrın 28-də Ermənistanın Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması ilə əlaqədar səfirlik tərəfindən hazırlanmış mətbuat açıqlaması mərasim iştirakçılarına paylanıb. İspaniya ictimaiyyətinin nümayəndələri Ermənistanın dinc əhaliyə qarşı müharibə cinayətləri törətməsini, mülki şəxsləri məqsədli şəkildə hədəfə almasını şiddətlə pisləyib, belə cinayət əməllərinin bir daha törədilməməsi üçün beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə sərt şəkildə etiraz etməsinin labüdlüyünü bildiriblər.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid