Fransada etiraz nümayişləri yenidən baş qaldırıb VİDEO
Paris, 6 dekabr, AZƏRTAC
Fransada “qlobal təhlükəsizlik” qanunu cəmiyyəti yenidən ayağa qaldırıb. Ölkədə milli səviyyədə 90 şəhərdə “sosial hüquqlar və azadlq naminə” etiraz nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, Parisdə “sarı jiletlər” də daxil olmaqla minlərlə insan Respublika meydanına toplaşıb. Etiraz nümayişi həmkarlar təşkilatlarını, eləcə də “qlobal təhlükəsizlik” qanunu təklifinə və polis zorakılığına etiraz edənləri birləşdirib.
Parisdə “sarı jiletlər” “azadlıq, bərabərlik, qardaşlıq kimin üçündür?” şüarı ilə nümayişin ön sırasında olublar. Parisdə polis və nümayişçilər arasında qarşıdurma yaşanıb. Polis gözyaşardıcı qazdan, su şırnağından istifadə edib. Nümayişçilər küçədə avtomobilləri, motoskiletləri, skuterləri, eləcə də bəzi banklara hücum edərək, bank sənədlərini yandırıblar.
Yerli vaxtla saat 7-dən polis nümayişçiləri dağıtmağa başlayıb. İlkin məlumata əsasən 64 nümayişçi saxlanılıb. Yaralananlar arasında 8 polisin olduğu bildirilir.
Daxili İşlər Nazirliyi etiraz nümayişlərində ölkə üzrə 52 350 , Parisdə isə 5 min nəfərin iştirak etdiyini qeyd edib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris