RƏSMİ SƏNƏDLƏR


Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə QAYDASI

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il
8 dekabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanının 3.1-ci bəndində qeyd olunan şəxslərin (bundan sonra – şəxs) sosial müdafiəsi sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə əlavə dəstək verilməsidir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir (bundan sonra – Dövlət Agentliyi).

2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr);

2.1.2. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə edilməsi məqsədilə bank hesabı açılır.

2.3. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.4. Maliyyə vəsaiti şəklində verilən yardımların (ianələrin) Fond tərəfindən toplanılması aşağıdakı üsullarla həyata keçirilir:

2.4.1. onlayn qaydada – fiziki və hüquqi şəxslərin Fondun rəsmi internet səhifəsi və elektron ödəniş sistemləri üzərindən etdikləri ödənişlər;

2.4.2. SMS vasitəsilə – fiziki və hüquqi şəxslərin Fondun qısa nömrəsinə SMS göndərməklə etdikləri ödənişlər;

2.4.3. bank köçürməsi vasitəsilə – Fondun bank hesabına fiziki və hüquqi şəxslərin banklar və pulköçürmə sistemləri vasitəsilə etdikləri ödənişlər;

2.4.4. terminal vasitəsilə – fiziki və hüquqi şəxslərin xüsusi ödəmə terminalları vasitəsilə etdikləri ödənişlər;

2.4.5. qanunla qadağan olunmayan digər ödəniş vasitələrindən istifadə etməklə edilən ödənişlər.

2.5. Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.5.1. şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

2.5.2. müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

2.5.3. təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

2.5.4. məişət şəraitinin yaxşılaşdırılması;

2.5.5. Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

2.6. Fondun vəsaiti bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulmayan istiqamətlərdə istifadə edilə bilməz.

3. Müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi

3.1. Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir. 

3.2. Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

3.3. Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

3.3.1. bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

3.3.2. müraciətin ilkin və ya təkrar olması;

3.3.3. müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

3.3.4. himayəsində azyaşlı uşağın olması;

3.3.5. ailədə əmək qabiliyyətli şəxslərin sayı;

3.3.6. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

3.3.7. dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

4. Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

4.1. Dövlət Agentliyi daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

4.2. Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.

4.3. Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.

5. Fondun vəsaitinin formalaşdırılmasına və ondan istifadəyə nəzarət

5.1. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir. Himayəçilik Şurası Dövlət Agentliyinin təklifləri əsasında Fondun xərc istiqamətlərini müəyyən edir;

5.2. Dövlət Agentliyi:

5.2.1. Fonda daxil olan vəsaitin xərclənməsi istiqamətlərinə dair təkliflərini Himayəçilik Şurasına təqdim edir.

5.2.2. Himayəçilik Şurasının qərarına əsasən Fondun vəsaitinin idarə edilməsi ilə bağlı cəlb edilmiş kənar auditor yoxlamalarının keçirilməsinə lazımi şərait yaradır;

5.2.3. Fondun vəsaitinin idarə edilməsinə dair yarımillik və illik hesabatları, eləcə də digər zəruri məlumatları Himayəçilik Şurasına təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri
04.08.2022 [13:20]
Azərbaycan Respublikası Prezidentinin “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 2005-ci il 16 dekabr tarixli 330 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ nömrəli Qanununun tətbiq edilməsi barədə” 2008-ci il 13 mart tarixli 735 nömrəli, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında” 2008-ci il 22 aprel tarixli 744 nömrəli, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 23 fevral tarixli 66 nömrəli, “Arıçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 82 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 14 aprel tarixli 83 nömrəli, “Xüsusi iqtisadi zonalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 3 iyun tarixli 101 nömrəli, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2009-cu il 30 oktyabr tarixli 174 nömrəli və “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 21 dekabr tarixli 187 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
04.08.2022 [13:18]
Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 357-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli 653 nömrəli, “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması haqqında” 2012-ci il 13 iyul tarixli 681 nömrəli, “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.9-cu, 106.1.10-cu və 122.3-cü maddələrində nəzərdə tutulmuş vergi azadolmaları hallarının müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 dekabr tarixli 762 nömrəli, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 674-IVQD nömrəli Qanununun tətbiqi və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 406 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 25 iyun tarixli 919 nömrəli, “Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2013-cü il 1 noyabr tarixli 18 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 825-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 42 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı