DÜNYA
Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinin Sian şəhərinə çatıb VİDEO
Pekin, 19 dekabr, AZƏRTAC
Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar dekabrın 19-da təyinat nöqtəsi olan Çinin Sian şəhərinə çatıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 4-də İstanbulda yolasalma mərasimi olan qatar dekabrın 6-da saat 10:30-da Köseköy stansiyasından tam yüklənərək yola çıxıb. İxrac qatarı İstanbul-Köseköy-Ankara-Sivas-Qars-Tbilisi-Bakı-Aktau-Almata-Xorqos-Sian xətti üzrə 8693 kilometr yol qət edib. Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət qatar Çinin Qazaxıstanla sərhədindəki Xorqos quru limanına planlaşdırılan vaxtdan 2 gün əvvəl çatıb.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər “Şərq-Qərb” dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən qatar 2 qitə, 2 dəniz və 5 ölkədən keçib. Türkiyədən Çinə ilk ixrac qatarının operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - “ADY Konteyner” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan), “GR Logistics” (Gürcüstan) və “Pasifik Eurasia Logistics” (Türkiyə) şirkətləridir.
Artıq Türkiyədən Çinə ikinci ixrac qatarının göndərilməsi istiqamətində növbəti sifariş daxil olub. Yenə də 42 ədəd 40 futluq konteynerdən ibarət qatarın yaxın günlərdə yola salınacağı gözlənilir. Bu qatarlar 2021-ci ildən başlayaraq, ayda 2 dəfə olmaqla müntəzəm olaraq hərəkət edəcək.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin