REGİONLAR
Viran qalmış yurd yerləri - Cəbrayılın Quycaq, Şəybəy və Horovlu kəndlərindən görüntülər FOTO VİDEO
Cəbrayıl, 23 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bura Cəbrayıl rayonudur. Ermənilər tərəfindən yer üzündən silinmiş kəndlərin görüntüsü belə insanı dərindən düşündürür. Görəsən, dünyada erməni faşizmi, barbarlığı kimi dəhşət varmı..?
AZƏRTAC-ın bölgə müxbiri Cəbrayıl rayonunda olub, erməni vandalizminin izlərini bir daha görüb. Müxbirimizin qeydlərini təqdim edirik.
Yolumuz işğaldan azad edilmiş Cəbrayıl rayonunadır. Lələtəpə yüksəkliyinin yaxınlığından ötüb Vətən müharibəsinədək düşmənin işğalı altında olan ərazilərə daxil oluruq. Yolboyu Ermənistan hərbçilərinin tərk etdikləri müdafiə istehkamları, düşmənə məxsus məhv edilmiş hərbi texnikaları gördükcə ordumuzla qürur duyuruq. Yaşayış məntəqələrindən keçdikcə isə həm 27 il həsrətində olduğumuz torpaqlarımıza qovuşduğumuz üçün sevinir, həm də dağıdılmış, yandırılmış, viran qalmış yurd yerlərini gördükcə kədərlənirik.
Cəbrayıl rayonunun Quycaq, Şəybəy və Horovlu kəndləri 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilib. Erməni vandalları işğal etdikləri digər yaşayış məntəqələri kimi bu kəndləri də 27 il ərzində talayıb, yer üzündən siliblər. Ürək ağrıları ilə düşünürəm ki, bir vaxtlar burada gözəl və abad kəndlər var idi. Bu kəndlərdə taxılçılıq, üzümçülük və heyvandarlıq inkişaf etmişdi. İndi isə çal-çağırlı, bağlı-bağatlı bu yerlərdən əsər-əlamət qalmayıb. Erməni vandalları nəinki yaşayış evlərini, ictimai və sosial binaları, təsərrüfatları, infrastrukturu, eləcə də qəbiristanlıqları da dağıdıblar.
AZƏRTAC Cəbrayıl rayonunun Quycaq, Şəybəy və Horovlu kəndlərində erməni vandalizminin görüntülərini təqdim edir.