DÜNYA
Ədən aeroportu minomyot atəşinə tutulub VİDEO
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Yəmən hökuməti nazirlərinin gəlişi zamanı Ədən şəhərindəki aeroporta üç minomyot mərmisi atılıb.
AZƏRTAC xəbər verir ki, Al Arabiya telekanalının yaydığı məlumata görə, çoxlu sayda ölən və yaralananlar var. Lakin bu barədə dəqiq məlumat verilmir. Nazirlər Kabinetinin üzvlərindən heç birinə ziyan dəyməyib. Hücum zamanı onlar mərmilərin düşdüyü yerdən uzaqda, yenicə eniş etmiş təyyarədə olublar. Sonradan nazirlər güclü mühafizə altında prezident sarayına aparılıblar.
Mərmilərdən birinin aeroportun gələnlər zalına, digər bir mərminin isə uçuş-eniş zolağına düşdüyü bildirilir.
Bəzi KİV-lər hadisə nəticəsində 5 nəfərin həlak olduğunu, 20-dən çox insanın yaralandığı barədə xəbər yayıblar.
Yəmənin yeni hökuməti dekabrın ortalarında Baş nazir Main Abdel Malikin rəhbərliyi ilə ər-Riyad sazişinə uyğun olaraq formalaşdırılıb. Dekabrın 26-da hökumət üzvləri respublikanın prezidenti Əbd Rabbo Mansur Hadinin ər-Riyaddakı müvəqqəti mənzil qərargahında and içiblər.