DÜNYA
Çində qızıl mədənində dağıntılar altında qalan şaxtaçıların axtarışları nəticə verməyib VİDEO
Pekin, 12 yanvar, AZƏRTAC
Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra dağıntı altında qalan 22 şaxtaçının axtarışları nəticə verməyib.
AZƏRTAC yerli hakimiyyət orqanlarının məlumatına istinadla xəbər verir ki, Çisia şəhəri ərazisindəki mədəndə hadisənin baş verməsindən 2 sutka keçməsinə baxmayaraq, hələlik şaxtaçıların tapılması və xilası mümkün olmayıb. Hazırda hadisə yerində 300-dən çox xilasedici, onlarca xüsusi texnika çalışır. Şaxtaçılarla rabitə əlaqəsinin olmaması və mədəndəki zəhərli qaz axtarış işlərini çətinləşdirib.
Qeyd edək ki, özəl şirkətlərdən birinə məxsus mədəndə qəza yanvarın 10-da saat 14:00 radələrində baş versə də, şəhərin fövqəladə hallar departamentinə bu barədə məlumat yanvarın 11-i saat 20:00 radələrində daxil olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin