DÜNYA
Türkiyədə meydana gələn sel nəticəsində bir nəfər həlak olub VİDEO
İstanbul, 2 fevral, AZƏRTAC
Türkiyənin İzmir vilayətində meydana gələn sel nəticəsində bir nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə İzmir valisi Yavuz Selim Köşger bildirib.
Artıq bildirdiyimiz kimi, fevralın 1-i axşam saatlarından etibarən Türkiyə ərazisində yağmağa başlayan leysan yağışları ölkənin İzmir vilayətinin mərkəzi də daxil olmaqla bir neçə rayonunda sel və daşqınlarla nəticələnib. Baş verən hadisə nəticəsində İzmirin Menderes rayonunda sel sularının apardığı bir nəfər həlak olub.
Hadisə ilə bağlı məlumat verən İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Tunç Soyer bölgədə bütün dərələrin daşdığını, şəhərin böyük bir fəlakətlə üz-üzə olduğunu bildirib.
Hazırda İzmirin dövlət qurumlarında iş saatına müvəqqəti ara verilib. Əhaliyə mümkün qədər evdə qalmaları ilə bağlı xəbərdarlıq edilib.
Hidrometeoroloqlar yağıntılı hava şəraitinin axşam saatlarınadək davam edəcəyini proqnozlaşdırırlar.
Analoji vəziyyət ölkənin Egey və Mərmərə bölgələrində yerləşən bir çox vilayətdə müşahidə edilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul