REGİONLAR
Xızı sakinindən küllü miqdarda heroin götürülüb VİDEO
Xızı, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları rayonun Şorabad qəsəbə sakini Fərman Hüseynovu saxlayaraq polis şöbəsinə gətiriblər. Onun üzərinə keçirilən baxış zamanı, F.Hüseynovdan kağız bükümdə 0.4 qram narkotik maddə olan heroin aşkarlanıb.
Şorabad qəsəbəsində F.Hüseynova məxsus yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahədə olan yardımçı tikilidən sellofan torbada çəkisi 600 qram olan heroin aşkarlanaraq götürülüb.
Dindirilmə zamanı F.Hüseynov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.