MƏDƏNİYYƏT
Kitabxana II Qarabağ müharibəsinin qəhrəmanları ilə görüşləri davam etdirir
Bakı, 19 mart, AZƏRTAC
Respublika Gənclər Kitabxanası istifadəçilərini Vətən müharibəsinin qəhrəmanları, igid oğulları, cəsur əsgərləri ilə tanış etməyə davam edir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə kitabxana Vətən müharibəsinin qaziləri, igid döyüşçüləri ilə silsilə canlı yayımlar təşkil edir. “Ən igid əsgər, bizim əsgər!” “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan Əsgəri!”, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları altında təşkil olunan növbəti belə canlı yayım martın 18-də baş tutub. “Sevilənlər sevənlər” rubrikası altında keçirilən bu canlı yayımın qonağı İkinci Qarabağ döyüşlərində könüllü iştirak edən Fərid Atazadə olub. Qonaq ilk növbədə canlı yayım izləyicilərinə özü haqqında məlumat verib, 1995-ci ildə Bərdə rayonunun Şirvanli kəndində dünyaya göz açmasından, 2011-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecini, 2017-ci ildə isə Azərbaycan Milli Konservatoriyasına daxil olmasından danışıb. Sonradan könüllü olaraq döyüş bölgəsinə yollanmağından, iştirak etdiyi döyüşlərdən, müharibənin təəssüratlarından söhbət açdı. Dəfələrlə düşmənlə yaxın məsafədə olan igid əsgərimiz döyüşlər zamanı məhz əsgərlər arasında olan birlik, ruh yüksəkliyi, qələbəyə inam, düşmənə nifrətin onları qabağa getməyə, şücaətlə döyüşməyə ruhlandırdığını söyləyib. Fərid yalnız özü haqqında danışmaqla kifayətlənməyərək, onunla döyüşdə çiyin-çiyinə vuruşan döyüş dostlarını qeyd edib, şəhidlik zirvəsinə ucalan Azərbaycan oğullarını böyük ehtiramla yad edib. Fərid Atazadə qələbənin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, bütün xalqın onun ətrafında bir yumruq kimi birləşməsi, həmrəylik nümayiş etdirməsi sayəsində qazanıldığını vurğulayıb. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Azərbaycan oğullarının daim xalqın qəlbində yaşayacağını söyləyib.
Döyüş xatirələrindən əlavə Fərid Atazadə incəsənət sahəsində olan fəaliyyəti, bir çox respublika müsabiqələrinin laureatı olmasından, ölkəmizin hüdudlarından kənarda keçirilən beynəlxalq müsabiqələrdə qazandığı qalibiyyətlərdən danışıb. Hazırda Bakı Humanitar Kollecində tar müəllimi vəzifəsində çalışan Fərid canlı yayım zamanı tarda musiqi nümunələri də ifa edib.
Canlı yayımın sonunda qonaq Respublika Gənclər Kitabxanasına bu səpkili canlı yayımların təşkilinə görə minnətdarlığını bildirib.
İstifadəçilər sözügedən canlı yayıma https://www.instagram.com/p/CMkbbVeiSRu/ linkı vasitəsilə baxa bilərlər.