DÜNYA
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kosmosa növbəti peyklərini göndəriblər VİDEO

Qahirə, 22 mart, AZƏRTAC
Martın 22-də Rusiyanın “Soyuz 2.1” raketdaşıyıcısı ilə 18 ölkənin, o cümlədən Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin peykləri kosmosa göndərilib.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanı Rusiya raketdaşıyıcısı ilə iki – “Şahin” və “CubeSat” peyklərini kosmik fəzaya göndərib. Raketin buraxılışı Qazaxıstandakı “Baykonur” kosmodromundan həyata keçirilib.
Səudiyyə Ərəbistanının “Şahin” peyki dəniz marşrutlarını izləmək və fotoşəkillər çəkmək, “CubeSat” isə Beynəlxalq Kosmik Stansiya ilə kiçik və böyük ölçülü peyklər arasında əlaqə saxlamaq məqsədilə kosmosa göndərilib. Hər iki peyk Səudiyyə Kral Universitetində hazırlanıb.
Birləşmiş Ərəb Əmirliklərinin nanometrik peyki isə ətraf mühitin mühafizəsi funksiyasını həyata keçirəcək. Onun sayəsində Dubay bələdiyyəsi və Məhəmməd bin Rəşid Kosmik Mərkəzi ölkə ərazisində havanın keyfiyyəti xəritəsini tərtib edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə