İQTİSADİYYAT
“Google” şirkətinin vitse-prezidenti Vinton Sörfün iştirakı ilə mətbuat konfransı olmuşdur
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində “Google” şirkətinin vitse-prezidenti Vinton Serfin iştirakı ilə mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, V.Serf BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən VIII İnternet İdarəçiliyi Forumunun (İGF) əhəmiyyətini vurğulamışdır. V.Serf bildirmişdir ki, İGF qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır.
V.Serf qeyd etmişdir ki, Bakıya səfəri çərçivəsində keçirilən görüşlərdə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Ölkədə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunun inkişafı, mövcud vəziyyət və perspektivlər, Azərbaycan ilə “Google”un əməkdaşlığı, İKT sahəsini inkişaf etdirmək üçün peşəkar mütəxəssislərin hazırlanması və s. məsələlər müzakirə olunmuşdur.
İnternet xidmətlərindən hər bir kəsin yararlanması üçün şəraitin yaradılmasının vacibliyini söyləyən V.Serf Azərbaycanda İKT sahəsində əldə olunan uğurları yüksək qiymətləndirmişdir.
V.Serf Cənubi Qafqaz regionunda “Google”un ofisinin açılması məsələsinə toxunaraq qeyd etmişdir ki, ofisin Azərbaycanda açılması istisna olunmur.