DÜNYA


Yaponiyanın Baş naziri Asiyada militarizmin rəmzi sayılan Yasukuni məbədinə ayin fitrəsi göndərib

Tokio, 21 aprel, AZƏRTAC

Aprelin 21-də Yaponiyanın Baş naziri Yoşihide Suqa Asiyada militarizmin rəmzi hesab olunan Yasukuni şintoist məbədinə ayin fitrəsi göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edək ki, məbəddə Yaponiya uğrunda döyüşlərdə həlak olmuş əsgərlərin, o cümlədən Tokio prosesi (1946-1948-ci illər) nəticəsində edam edilən hərbi canilərin siyahısı saxlanılır.

Bildirilir ki, ayin fitrəsi məbəddə yaz festivalının başlaması ilə əlaqədar göndərilib. Yaponiya hökumətini başçısının göndərdiyi “masakaki” adlı fitrə həmişəyaşıl sakaki ağacının lentlərlə bəzədilmiş budağından ibarətdir.

Xatırladaq ki, ötən ilin payızında Baş nazir vəzifəsinin icrasına başladıqdan sonra Y.Suqa Yasukuni məbədinə ayin fitrəsi göndərmişdi. Amma nə o özü, nə də rəhbərlik etdiyi hökumətin üzvləri bu məbədi ziyarət etməyiblər. Bu il də Yaponiya Nazirlər Kabineti üzvlərinin məbədi ziyarət etməyəcəyi gözlənilir. Bununla yanaşı, Yasukuni məbədini parlamentin üzvlərinin ziyarət edəcəyi istisna olunmur.

Qeyd edək ki, Yaponiyanın sabiq Baş naziri Şinzo Abe 2013-cü ilin dekabrında hökumətin bacısı seçildikdən sonra bu məbədi şəxsən ziyarət etmişdi. Həmçinin o, 2020-ci ilin payızında Baş nazir vəzifəsindən istefa verdikdən sonra da bu məbədi ziyarət edib.

Bildirək ki, 1868-ci ildə inşa edilən Yasukuni məbədində XIX əsrin ortalarından başlayaraq müharibələrdə həlak olan yapon əsgərlərin siyahısı saxlanılır. Həmin siyahıda İkinci Dünya müharibəsindən sonra edam edilmiş müharibə canilərinin də adları yer alıb. Buna görə də bu məbədin Yaponiya rəsmiləri tərəfindən ziyarət olunması Çin, Cənubi Koreya və digər Asiya ölkələri tərəfindən Yaponiyanın işğalçı siyasətinə bəraət kimi qəbul edilir və etirazlarla qarşılanır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.