DÜNYA
Çində qasırğa 11 nəfərin ölümünə, 9 nəfərin itkin düşməsinə səbəb olub VİDEO
Pekin, 1 may, AZƏRTAC
Çinin Ciansu vilayətində qasırğa 11 nəfərin ölümünə, 100-dən çox sakinin yaralanmasına səbəb olub.
AZƏRTAC vilayətin Fövqəladə Hallar Departamentinə istinadla xəbər verir ki, aprelin 30-da axşam saatlarında Nanton, Huayan, Yançen, Taycou və Suçien şəhərlərinə qasırğanın gətirdiyi güclü külək və diametri 3 santimetrə çatan dolu yağıntısı infrastruktura, binalara xeyli ziyan vurub, 3 mindən çox sakin ərazidən təxliyə edilib. Bundan başqa, göyərtəsində 11 nəfər olan balıqçı qayığı batıb. Onlardan 2 nəfəri xilas edilib, digərlərinin axtarışları davam edir.
Bildirilir ki, küləyin sürəti saatda 117 kilometrə, sahil məntəqələrində isə 166 kilometrə çatıb. Güclü külək bir çox yaşayış yerində elektrik dirəklərini və ağacları aşırıb. Nəqliyyat vasitələrinin hərəkətində, elektrik verilişində fasilələr yaranıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin