SİYASƏT


Fransa portalı Ermənistanın azərbaycanlılara qarşı törətdiyi müharibə cinayətlərindən yazıb

Paris, 22 may, AZƏRTAC

Fransanın “Mediapart” portalında “Dağlıq Qarabağda ermənilərin müharibə cinayətləri ilə bağlı istintaq” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi müharibə cinayətlərinə cavab verilməsinin vaxtının çatmasından, Ermənistanın istifadəsi qadağan olunmuş raketlərdən azərbaycanlı mülki əhalini hədəfə almasından söz açılıb.

Bildirilib ki, Azərbaycan ötən ilin noyabrında azad etdiyi torpaqlarında Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə, eləcə də mədəni və maddi əmlaka vurulmuş ziyana görə məhkəməyə müraciət edəcək. BMT-nin 1993-cü ildə qəbul etdiyi 4 qətnamə vasitəsilə beynəlxalq hüquq Ermənistanı qınasa da, Yerevan buna məhəl qoymayıb. Bakı dəfələrlə erməni tərəfinin törətdiyi müharibə cinayətləri faktları ilə bağlı İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyasına müraciət edib.

Məqalənin müəllifi Anri Furkadi ötən ilin payızındakı 44 günlük müharibə zamanı Ermənistanın qadağan edilmiş raketlərdən istifadə etdiyini xüsusi vurğulayıb. Həmçinin qeyd edilib ki, Ermənistan minaladığı ərazilərin xəritələrini verməkdən imtina edir ki, bu da Azərbaycan əsgərlərinin həyatı üçün son dərəcə təhlükəlidir.

Müəllif diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisinə qarşı istifadəsi qadağan olunmuş müxtəlif növ raketlərdən istifadə edib. Ermənistan 2020-ci il oktyabrın 11-i və 17-də “SCUD” raketləri ilə Gəncənin yaşayış məhəlləsinə zərbələr endirməsi nəticəsində 100 mülki sakin həlak olub, 400 nəfər isə yaralanıb.

Mingəçevir Su Elektrik Stansiyası, eləcə də Şuşa şəhərinin də raketlərlə hədəfə alındığı qeyd edilib. Azərbaycan tərəfinin araşdırmaları nəticəsində Ermənistanın qətlə yetirdiyi azərbaycanlıların kütləvi məzarlarının tapıldığı və bunun bütün beynəlxalq konvensiyalara zidd olduğu göstərilib.

Azərbaycan Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin cəzasız qalmaması üçün hərbi cinayətlərə görə təzminat almaq və Ermənistanı məhkəməyə vermək niyyətində olduğu qeyd edilib.

Sonda bildirilib ki, təxminən 28 il işğal altında qalmış Qarabağ azad edildikdən sonra artıq beynəlxalq hüququn regionda tam bərpa olunmasının vaxtı çatıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.