DÜNYA
Çində ali məktəblərə qəbul imtahanlarında 10 milyondan çox məzun iştirak edir VİDEO
Pekin, 7 iyun, AZƏRTAC
Çində iyunun 7-də başlayan ali məktəblərə qəbul imtahanlarında (“Gaokao”) 10 milyon 780 min məzun iştirak edir.
AZƏRTAC Çinin Təhsil Nazirliyinə istinadla xəbər verir ki, ötən il olduğu kimi bu ildə də imtahanlar epidemiya əleyhinə qaydalara uyğun təşkil olunur. Belə ki, imtahan verəcək şəxslərdən son 14 gün üçün sağlamlıq vəziyyətləri ilə bağlı məlumat vermələri tələb olunur. Bundan başqa, son günlər yoluxma ocaqlarının aşkarlandığı Quandon vilayətində məzunlar COVID-19 testinin neqativ nəticəsi əsasında imtahana buraxılır. Yeni növ koronavirusdan müalicə alanlar, test cavabı müsbət çıxanlar, habelə yoluxanlarla yaxın təmasda olanlar xüsusi yerlərdə imtahan verəcəklər. Bunun üçün 5 şəhərdə 18 məkan ayrılıb.
Müxtəlif ixtisas qrupları üzrə ayrı-ayrı fənlərə dair 4 gün ərzində keçiriləcək imtahanlar üçün 7200-dən çox məkan ayrılıb.
Qeyd edək ki, “Gaokao” dünyada ən kütləvi imtahan hesab olunur. Ötən il pandemiya səbəbindən imtahanlar planlaşdırıldığı vaxtdan 1 ay gec təşkil edilmişdi.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin